12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi.

2024-cu il 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi keçirilmişdi. Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi də baş tutub.
Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən şirkətlərini bir araya gətirir. 2024-cü ildə Xəzər İnşaat Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdi. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsində iştirakçılar tərəfindən nümayiş olunacaq məhsul və xidmətlərdə, eləcə də sərginin tədbirlər proqramında öz əksini tapdı.
Road&Traffic sərgisi
“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir.
Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Sərgi hər növ avadanlıq və texnika üçün sürtkü yağları, ictimai nəqliyyat, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, yanacaq və paylayıcı avadanlıq, yol təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu kimi bölmələri əhatə etmişdir.
12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisində STP-BTECH MMC 16kvm sahəni əhatə edən sərgi güşəsi ilə iştirak edib. Sərgi zamanı stendə yaxınlaşan hər bir qonağa, ziyarətçiyə şirkət haqqında ətraflı məlumat verilib və promo məhsullar təqdim olunub.
13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi 2025-ci il 14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgidə STP-BTECH MMC yenidən iştirak edəcək.