STP-BTECH MMC ərazisində Yanğın Təhlükəsizliyi üzrə Təxliyə Təlimi keçirilib
23.12.2025-ci il tarixində “STP-BTECH MMC” ərazisində Yanğın Təhlükəsizliyi Qaydalarının 2.5-ci maddəsinin tələblərinə uyğun olaraq planlı təxliyə təlimi təşkil olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən, bu tip tədbirlər hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyətin iştirakı ilə həyata keçirilməlidir.
Keçirilən təlimin əsas məqsədi işçilərin mümkün fövqəladə hallar, xüsusilə yanğın zamanı davranış qaydaları üzrə bilik və praktiki bacarıqlarını artırmaq, onların daimi hazırlıq səviyyəsini təmin etmək və mövcud təxliyə prosedurlarının effektivliyini yoxlamaqdan ibarət olmuşdur. Bununla yanaşı, fövqəladə hallar zamanı istifadə olunan mexanizm və avadanlıqlarda mövcud ola biləcək uyğunsuzluqların aşkar edilməsi, onların daim işlək vəziyyətdə saxlanılmasına nəzarət də təlimin əsas hədəfləri sırasında yer almışdır.
Təlim öncədən təsdiqlənmiş plan əsasında həyata keçirilmiş, məsul və cavabdeh şəxslər əvvəlcədən təlimatlandırılmışdır. Tədbirdə ümumilikdə 135 nəfər işçi heyəti iştirak etmiş və təxliyə prosesi real şəraitə maksimum yaxın formada icra olunmuşdur. Təlim zamanı hava şəraiti qənaətbəxş olmuş, küləyin sürəti 3,1 m/san (Şimal-Qərb istiqamətli), havanın temperaturu isə +8°C təşkil etmişdir. Bu amillər təxliyə prosesinin təhlükəsiz və nəzarətli şəkildə həyata keçirilməsinə imkan yaratmışdır.
Təlim yekunlaşdıqdan sonra iştirakçılar üçün qısa yekun toplantı keçirilmiş, görülən işlər təhlil olunmuş, aşkar edilən məqamlar diqqətə çatdırılmış və işçilərə əlavə təlimatlar verilmişdir. Belə tədbirlərin mütəmadi keçirilməsi şirkətdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına və fövqəladə hallara operativ reaksiya qabiliyyətinin artırılmasına xidmət edir.